Etibarın vizkozitesi
19.07.2026

Dünən bir qardaş dostunun maşını ilə bizim Dərnəgüldə olan servisə gəlib. Nəsə baxdım ki, əslində sürücü bizi tanımır, bunu gətirən yanındakı dostudur. Gördüm, qardaş çox can atır söhbətləşməyə, yəni necə deyərlər, meyillidir
Ordan-burdan, siyasətdən, iqtisadiyyatdan bir az söhbət edəndən sonra sual verdim ki: “Qardaş, sənin maşınına da biz qulluq edirik?” Dedi: “Abi, yox e, mənim maşınım yoxdur. Ümumiyyətlə, heç olmayıb. Sadəcə, maşınım olmasa da, sənin yazılarını həmişə oxuyuram və dostumu götürdüm, gəldim ki, həm söhbət edək, həm də görüm yanaşmanız yazılardakı kimidir, yoxsa yox.”
Qardaş deyir: “Sən adi yağdan elə yazırsan ki, yağ yaddan çıxır, fikir gedir başqa yerə.”
Dedim: “Qardaş, bəs məsələ odur da, sənə qurban. Yağdan yazdığımı düşünənlər çoxdur. Elə görünüşdə də belədir: filan markanın yağı, filan maşının tələbi, hansı dopusk, hansı viskozite, hansı filtr, hansı müddətdə dəyişilməlidir... Kənardan baxan adam düşünər ki, bu yazıların mərkəzində mühərrik var. Halbuki mən çoxdan başa düşmüşəm ki, mənim yazılarımın mərkəzində mühərrik yox, insandır. Yağ isə sadəcə bu işin dekorasiyasıdır.”
Servisə hər gün müxtəlif maşınlar gəlir, amma əslində gələn maşın deyil, xasiyyətdir. Biri maşınını verib deyir: “Qardaş, sən necə məsləhət bilirsən, elə et.” O adamın maşını ilə yox, etibar anlayışı ilə tanış olursan. Biri gəlir, kapotu açmamış telefondan beş ekran şəkil göstərir, on forum oxuyub, üç video izləyib. Onun maşınından çox narahat ruhunu görürsən.
Biri var qiyməti soruşur, biri var keyfiyyəti. Biri var səsə həssasdır, biri var xərci eşidəndə narahat olur.
Mən illərlə düşündüm ki, avtomobillərlə işləyirəm. Sonra gördüm ki, mən əslində insan xarakterləri ilə işləyirəm. Maşın sadəcə bəhanədir.
Kimisi həyatında heç kimə güvənmədiyi üçün ustaya da güvənmir. Kimisi hər şeyi nəzarətdə saxlamaq istəyir, yağ seçimini də özü edir. Kimisi də elə yorğundur ki, maşını gətirib açarı verir. Çünki bəzən insanın bir işi başqasına həvalə etməsi də rahatlıqdır.
Bu sahədə mənə ən çox öyrədən yağ markaları olmayıb. İnsanlar olub. Mənə səbr öyrədən də insan olub, hörmət öyrədən də, hiyləni göstərən də, dürüstlüyü sevdirən də.
Eyni marka maşın sürən iki adam tamam başqa dünyalar gətirib servisə. Biri salamı ilə yadda qalıb, biri şübhəsi ilə, biri sözü ilə, biri səssizliyi ilə.
Ona görə indi anlayıram ki, mən görünüşdə yağdan yazıram. Amma əslində etibardan yazıram, dəyişən zamandan yazıram, nəsillərin fərqindən yazıram, insanların xırda davranışlarında gizlənən böyük xarakterdən yazıram.
Yağ sadəcə stolun üstündə duran qabdır. İçindəki isə həyatın özüdür.
Bəlkə də buna görə bu yazıları maşını olmayan adam da oxuyur. Çünki mövzu avtomobil deyil. Mövzu insandır. İnsan isə harada varsa, hekayə də oradadır.
